“Yeni maraqlı hadisələr gözləyirəm” | Xarici tələbə
- Azərbaycan sizi necə qarşıladı?
- Azərbaycana gəlməzdən əvvəl ölkənizi araşdırdım, mədəniyyətini, tarixini, iqtisadiyyatını, iqlimini və başqa şeyləri öyrəndim. Bura gələndə inanılmaz qonaqpərvərlik və diqqət gördüm, yaxşı dostlar qazandım. Onlar mənə yaxınlarım üçün çox darıxmağa imkan verməyən “ailə” mühiti yarada bildilər.
- Azərbaycanda olduğunuz müddətdə hansı problemlərlə üzləşmisiniz?
- Əsasən dil maneəsi ilə. Şükür ki, başqa heç bir problem yoxdu. Hərdən məni rusiyalı kimi qəbul edir, rusca danışmağa çalışırdılar. Ancaq heç nə başa düşmürdüm. Onların sayəsində rus dilini öyrənməyə başladım, çünki Azərbaycan dilindən sonra rus dilinin azərbaycanlıların ikinci dili olduğunu gördüm. Ona görə də, bu durumu problem yox, müsbət məqam kimi qiymətləndirirəm. Azərbaycanlıların isti münasibəti sayəsində özümü bu ölkənin bir parçası kimi hiss edirəm. Həyatımda yeni maraqlı hadisələr olacağını səbirsizliklə gözləyirəm.
- Universitetdə dərsləriniz necə gedir?
- ADNSU-da tədrisin keyfiyyəti yüksək səviyyədədir. Mühazirələri və yeni tədris üsullarını bəyənirəm, çünki müəllimlər həqiqətən də tələbələri öyrətmək üçün əllərindən gələni edirlər. Bizə faydalı ev tapşırıqları, dərslərimizə uyğun əlavə resurslar verirlər. Tələbələrlə müəllimlər arasında yaxşı münasibətlər qurulub.
- Universiteti bitirdikdən sonra hansı işlə məşğul olacaqsınız?
- Cəmiyyətə faydalı və xoşbəxt gələcəyə nail olmaq üçün öz biznesimi yaratmaq istəyirəm.
- ADNSU-ya daxil olmaq istəyənlərə nə tövsiyə edərdiniz?
- Həqiqətən keyfiyyətli təhsil almaq və həyatda nəsə öyrənmək istəyirlərsə, ADNSU-nu seçsinlər. Çünki burada yaxşı təhsil almaq üçün hər cür şərait var. Xoşbəxtəm ki, gələcək peşəm Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin divarları arasında formalaşır. Bura dünyanın ən yaxşı universitetlərindən biridir, burada özümü rahat hiss edirəm!
Rolan Yusufov
AzVision.az üçün
Teqlər: Xarici-tələbə